Expressbank 

Expressbank 

Expressbank” ASC 1989-cu ildən 2010-cu ilə dək “Azənəqliyyatbank” ASC kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla bankda xeyli dəyişikliklər baş vermişdi. Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən və yeni strategiyaya uyğun olaraq, “Azərnəqliyyatbank” ASC yeni brend siyasətinin həyata keçirilməsinə başlamışdır. Bu prosesin nəticəsi olaraq bank adını “Expressbank” ASC-yə dəyişmiş və 5 mart 2010-cu il tarixində yeni brend altında qeydiyyatdan keçmişdir. Bununla bağlı digər hüquqi prosedurlar yaxın günlərdə başa çatdırılacaqdır. 

Bankın yeni brendi, onun strateji baxışının, söykəndiyi mühüm dəyərlərin və qarşıya qoyduğu ambisiyaların yığcam təcəssümü olaraq öz müştərilərinə bir çağırışıdır. 

Bank, 2009-cu ilin sonunda yeni baxış və missiya hesabatını strateji planla birlikdə səhmdarların müzakirəsinə təqdim etmişdir. 

Bankın strateji baxışı- Expressbankı biznes və əhali üçün fərqli xidmət göstərən, ölkədə geniş satış şəbəkəsinə malik və ön sıralarda olan aparıcı banka çevirməkdir. 

Missiya hesabatı- Expressbank müasir bank texnologiyalarından istifadə etməklə, fərqli xidmətiylə müştərilərində məmnunluq yaradan, peşəkar və motivasiyalı komandaya malik, sərmayələrinin dəyərini daim artıran bankdır. 

Yeni baxışa uyğun olaraq bank korporativ və riteyl yönümlü olaraq, yeni bank texnologiyalarından istifadə etməklə, müştərilərinə keyfiyyətli xidmət təklif edəcəkdir. Yeni strategiyanın hazırlanması zamanı dünyada baş vermiş maliyyə böhranının nəticələri, risk amillərinin yenidən qiymətləndirilməsi, səhmdarların baxışları və maliyyə sektorunda olan son meyllər nəzərə alınmışdır. Bununla belə, bank, daim müştəri xidmətinin keyfiyyət, sürət, rahatlıq baxımından inkişaf etdirilməsi üzərində işləyir və müştəri məmnunluğu bankın əsas məqsədlərindən biri hesab edilir. Bankın təklif etdiyi kredit və depozit məhsulları bazarda rəqabətliliyi ilə fərqlənir və gələcəkdə yeni məhsulların işlənib təqdim ediləcəyi nəzərdə tutulur. 

“Expressbank” ASC maliyyə institutları, banklar və digər fondlarla da hərtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir, belə ki, hazırda bank bir neçə xarici banklar və maliyyə institutları ilə danışıqlar aparır və bu sahədə əməliyyatlarını genişləndirmək niyyətindədir. Bank artıq Visa beynəlxalq ödəniş sisteminə üzv olmuş, Master Card ödəniş sistemilə isə üzvlük haqqında danışıqlar gedir. 

Bu günə bankın ölkə üzrə 8 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı rayonlardadır. Bankın səhmdarları yerli hüquqi şəxslərdir.